BRUSELLOZ NƏDİR?

Bruselloz zoonoz mənşəli infeksion-allergik xəstəlikdir. Əksər hallarda qızdırma, tərləmə, üşütmə, titrətmə, oynaq ağrıları ilə özünü göstərir və sümük-oynaq, ürək-damar, urogenital və sinir sistemlərini zədələyir.

BRUSELLOZ XƏSTƏLİYİNİN TÖRƏDİCİSİ NƏDİR?

Bu xəstəlik brucella cinsi bakteriyalar tərəfindən törədilir. Bunlar qram mənfi, kiçik, spor əmələ gətirməyən, hərəkətsiz, hüceyrə içi bakteriyalardır. İstiyə, turşuya, antiseptiklərə həssasdır, süd və süd məhsullarında 2 aya qədər canlı qala bilir. Təbii şəkildə və antibiotiklərin təsirindən L formaya keçir.

HANSI KLİNİK FORMALARI VAR?

Bruselloz kəskin, yarım-kəskin, xroniki formalarda gedir. Kəskin formanın simptomları 3 aya qədər, yarım-kəskin 3-6 ay, xroniki 6-12 ay və daha çox davam edir. Brusellozun kəskin dövrü bir çox hallarda artralgiya (oynaq ağrıları) ilə gedir. Artralgiya intoksika ilə əlaqədardır. Xronik forma ləng gedişli olur, lakin uzun müddət davam edir və ağırlaşmaları daha çox olur. Xroniki forma əksər hallarda artrit (oynaqların iltihabı) verir. Artrit zamanı oynaqlar şişir, içərisində seroz maye toplanır, hərəkət məhdudlaşır lakin üzərində dəri qızarmır.

Bu halların çoxunda persistə edən infeksiya ocağı vardır (sümük, dalaq, qaraciyər). Xroniki brusellozun kəskinləşməsi həmişə oynaqların iltihabı və yeni oynaqların prosesə cəlb olunması ilə təzahür edir. Bu xəstəlik sağalandan sonra da mikrobun zədələdiyi yerlərə uyğun simptomlar (məsələn oynaq ağrıları) uzun müddət qala bilir, buna rezidual (qalıq) bruselloz deyilir. Brusellozda möhkəm immunitet yaranmadığı üçün xəstəliyə təkrarən yoluxma halları ola bilir (hətta xəstə sağalmamış yenidən yoluxur). Xroniki brusellozdan sağalmamış yenidən yoluxmaya superinfeksiya, insan tam sağaldıqdan sonra bruselloza yenidən yoluxarsa buna reinfeksiya deyilir.


BRUSELLOZ NECƏ YOLUXUR?

Brucella bakteriyaları qoyun, keçi, qaramal, donuz, itlərdə xəstəlik törədir. İnsanlar bu heyvanlarla təmas zamanı və pasterizə olunmamış süd və süd məhsulları ilə qidalanarkən xəstəliyə yoluxur. Heyvandarlıqla məşğul olanlar və labaratoriyalarda çalışanlar riskli qruplardır.


BRUSELLOZ XƏSTƏLİYİNİN HANSI SİMPTOMLARI VAR?

Təqribən 50% hallarda xəstəlik kəskin başlayır, üşütmə, titrətmə, qızdırma, tərləmə, oynaq-əzələ ağrıları, baş ağrısı, iştahsızlıq, halsızlıq olur. Qızdırma 39-40 C`yə kimi yüksəlir, başlanğıcda davamlı olan qızdırma sonrakı günlər fasiləli xarakter daşıyır, günün birinci yarısı temperatur düşsə də axşama doğru bədən hərarəti yenidən yüksəlir. Oynaq ağrıları, oynaqların şişməsi, hərəkətin məhdudlaşması, tərləmə müşahidə olunur. Xəstələrin 20-60%`ində hepatomeqaliya (qaraciyərin böyüməsi), 20-30%`ində splenomeqaliya (dalağın böyüməsi), 10-20%`ində limfoadenopatiya (limfa düyünlərinin böyüməsi) rast gəlinir.


HANSI AĞIRLAŞMALARI OLA BİLƏR?

-Osteoartikulyar ağırlaşmalar ən çox rast gəlinəndir. Bura dayaq hərəkət sisteminin zədələnmələri aiddir və 20-60% hallarda görülür. Ən çox oma-qalça oynağının iltihabı rast gəlinir (20-30% hallarda). Lakin qalça-bud, diz, ayaq biləyi oynaqlarında, dirsək oynağında tez-tez zədələnmələr baş verir. Böyük oynaqların zədələnmələri (artritlər) zamanı oynaqda ağrı, qızartı, şişkinlik əmələ gəlir və oynaqda hərəkət məhdudlaşır. Xəstələr bəzən həkimə xərəkdə və ya arabada gətirilir. Spondilit onurğada fəqərə oynaqlarının iltihabıdır və bel ağrıları ilə müşayiət olunur. Bu ağırlaşma paraspinal abseslərə də yol aça bilər.
-Cinsiyyət sisteminin ağırlaşmaları 2-40% hallarda rast gəlinir. Kişilərdə və qadınlarda cinsi orqanların iltihabını törədir və cinsi funksiyanın zəifləməsinə və itməsinə gətirib çıxarır.
-Neyrobruselloz deyilən ağırlaşma sinir sisteminin bruselloz xəstəliyinin təsirinə məruz qalması ilə əlaqədardır. Mərkəzi və periferik sinir sistemi prosesə cəlb olunur və meningit, ensefalit, depressiya, psixoz və s. əmələ gəlir.
– Digər ağırlaşmalar – hepatit, dalaq absesləri, endokardit, dərinin zədələnmələri.


DİAQNOZU NECƏ QOYULUR?

Diaqnozunda qandan götürülən nümunə bir neçə xüsusi üsullarla yoxlanılır. Yetişdirilməsi uzun zaman aldığı üçün brusellozda xüsusi hallar istisna olmaqla əkmə üsulundan istifadə edilmir. Seroloji üsullar isə birincidən fərqli olaraq tez nəticə verir. Bu zaman brucella bakteriyalarının qandakı antitelləri yoxlanılır. Aşağıdakı üsullardan istifadə olunur.
– Rose Bengal testi. 3-5 dəqiqə içində cavab alınır
– Wright aglutination test.
– Wright testi
– ELİSA testi


MÜALİCƏSİ NECƏ APARILIR?

Bruselloz residivə meyilli xəstəlikdir. Yəni sağaldıqdan sonra yenidən alovlana bilir. Əsas müalicəsi antibiotiklərlə aparılır. Tək antibiotiklə müalicə zamanı residiv vermə riski artıq olduğu üçün ümumdunya səhiyyə təşkilatı müalicənin iki antibiotiklə aparılmasını tövsiyə edir. Antibiotik seçimi protokollara uyğun həkim tərəfindən seçilir. Ehtiyac olduğu halda iltihab əleyhinə dərmanlar, polivitaminlər, oynaqların bərpasına kömək etmək üçün xondroprotektorlar və s. həkim tərəfindən təyin oluna bilər. Bu xəstəlik residivə meyilli olduğu üçün müalicə 6 həftəyə qədər aparılmalıdır. Müalicənin yarımçıq dayandırılması xəstəliyin yenidən daha aqressiv şəkildə qayıtmasına səbəb ola bilər. Müalicənin ilk günlərindən artıq xəstələr özlərini yaxşı hiss edir, normal həyat fəaliyyətlərinə dönürlər.

Məqalənin müəllifi dr. Mərdan Əliyev

Qeyd. Bu xəstəlik barədə əlavə suallarınız olarsa çəkinmədən bizimlə əlaqə saxlaya bilərsiniz.

Dr Mərdan Əliyev

Həkim İnfeksionist

telefon və whatsapp

(050) 273-93-05

#bruselyoz   #bruselyoz xəstəliyi     #bruselyoz xesteliyi       #qizdirma      #oynaq agrilari       #qizdirma xesteliyi     #mal qizdirmasi