Kişi cinsi xəstəlikləri nədir?

Bu xəstəliklər cinsi əlaqə zamanı kişidən qadına və qadından kişiyə keçən infeksion xəstəlikdir. Törədicisi var və cinsi orqanların selikli qişasından yoluxur. Kişilərdə uretrit (sidik kanalının iltihabı) törədir. Bu bölümdə cinsi yolla yoluxan və kişilərdə uretritə səbəb olan xəstəliklərdən danışacağıq.

 

Uretrit nədir?

Uretrit sidik kanalının iltihabına deyilir. Cinsi əlaqə zamanı mikrobların qadının cinsi üzvündən kişinin sidik kanalına daxil olması nəticəsində və əksinə (kişidən qadına) yoluxur.

 

Cinsi yolla yoluxan uretritin törədiciləri hansılardır?

Uretrit spesifik (gonokokk mənşəli) və qeyri-spesifik olur. Qonokokk uretritini Neisseria gonorrhoeae bakteriyaları törədir. Qeyri spesifik uretritin isə müxtəlif törədiciləri var. Cinsi yolla keçən uretritin törədiciləri aşağıdakılardır.
Qonokokk uretriti:
– Neisseria gonorrhoeae
Qeyri-spesifik uretrit:
– Trichomonas vaginalis
– Gardnerella vaginalis
– Chlamidia trachomatis
– Mycoplasma genitalium
– Ureaplasma urealyticum

 

Uretritin hansı simptomları var?

Sidik kanalının iltihabı kişilərdə 90 % hallarda özünü göstərir. Digər 10% hallarda xəstəlik gizlin gedir. Kiçik mikroorqanizmlər olan mycoplasma və ureaplasmalar əksər hallarda orqanizmdə hər hansı simptom vermədən yaşayır. Ancaq müxtəlif amillərin təsirindən orqanizmin immuniteti düşərsə onlar sürətlə artıb çoxalır, uretranın iltihabını törədirlər. Xəstəliyin simptomları aşağıdakılardır.
1. Uretral axıntı – sidik kanalından ifrazatın gəlməsi. Mikrobun növündən asılı olaraq ifrazat selikli, selikli irinli, ağ rəngli, sarımtıl, az və ya bol miqdarda, iyli ola bilər.
2. Dizuriya – sidiyə çətin getmə, sidiyə gedərkən ağrı, göynətmə, yandırmanın, tez-tez sidiyə getmə istəyinin olması
3. Uretral rahatsızlıq – sidik kanalının daxilində və uc hissəsində qaşınma və qıcıqlanmanın olması

 

Uretritin simptomları cinsi əlaqədən nə qədər sonra görünür?

Uretritin klinik simptomları cinsi əlaqədən sonra 2-21 gün ərzində meydana çıxır. Bu intervalın belə geniş olmasının səbəbi bu xəstəliklərin müxtəlif törədicilərinin olması ilə əlaqədardır. Hər törədicinin öz gizli dövrü var. Bu müddət həmin törədicilərin inkubsion (gizli) dövründən asılıdır. Uretritin törədicisi Neisseria gonorrhea`dırsa (qonokokk uretriti) gizli dövr 2-7 gün təşkil edir. Yəni xəstəlik əlamətləri yoluxduqdan sonra 2 gündən 7 günə qədər meydana çıxa bilər. Uretrit qonokoklar xaric digər mikroblarla törədilirsə buna qeyri-spesifik uretrit deyilir və inkubasion dövr 10-21 gün təşkil edir və xəstəlik bu müddət ərzində meydana çıxa bilər.

 

Cinsi yolla yoluxan uretritlərin diaqnostikası necə aparılır?

Bu xəstəliklərin diaqnostikası klinik simptomlara və şəxsin bir müddət əvvəl cinsi əlaqədə olmasına görə asanlıqla aparılır. Törədicinin növünü təyin etmək üçün uretranın ifrazatından yaxma götürülür və hazırlanır. İbtidailər və gonokokklar hazırlanan yaxmada mikroskopla asanlıqla görünür. Chlamidia, micoplasma və ureaplasma hüceyrə içi mikroorqanizmlər olduğundan onlar görsənmir və İFA və ya PCR yöntəmi ilə aşkar olunur.

 

Cinsi yolla yoluxan uretritlərin necə müalicə olunur?

Bu xəstəliklər vaxtında müəyyən olunub müalicə olunarsa heç bir ağırlaşma vermədən tamamilə sağalır. Müalicə antibiotiklə aparılır. Törədicinin növünü təyin etdikdən sonra müalicəyə başlanılır. Cəmi iki dərmanla müalicə üsulundan asılı olaraq 1 gündən 7 günə qədər müalicə aparılır və xəstəlik tamamilə sağalır. Əksər hallarda 1 günlük kursla tam sağalmaya nail olmaq olur. Sağaldıqdan sonra əmin olmaq üçün təkrar analiz də vermək mümkündür.

 

Müalicədən nə qədər sonra xəstəliyin simptomları yox olur?

Müalicə nəticəsində xəstəliyin törədiciləri ölür və zədələnmiş hüceyrələr yavaş yavaş bərpa olunmağa başlayır, toxumanın funksiyası normallaşır. Xəstəliyin əsas əlamətləri müalicədən dərhal sonra yox olur, ifrazat kəsilir. Uretrada qaşınma, sidik ifrazı zamanı ağrı hissi 1 həftə içində tədricən kəsilir.

 

Müalicədən sonra xəstəliyin sağalmasından əmin olmaq üçün təkrar analiz vermək lazımdırmı?

Bəli. Müalicədən 2 həftə sonra tapılan törədicilərə görə təkrar test olunmaq tövsiyə olunur.

 

Cinsi yolla yoluxan uretritlər müalicə olunmadıqda nə baş verir?

Bu xəstəliklər müalicə olunmadıqda və yaxud gec müalicə olunduqda xəstəliyi törədən mikroorqanizmlər sidik kanalıyla qalxan yolla sidik kisəsi, prostat vəzi və böyrəklərə daxil olub orada iltihabi xəstəliklər törədir. Micoplasma, ureaplasma, chlamidia kimi bakteriyalar sonsuzluğa səbəb ola bilir. Gonokokklar daha çətin müalicəyə tabe olan ümumi gonokokk infeksiyası törədir. Bu xəstəliklərin aşağıdakı ağırlaşmaları olur:
– Xayalarda ağrının olması
– Reproduktiv funksiyanın zəifləməsi və sonsuzluq
– Reaktiv artit- oynaqlarda ağrının olması. Bəzən gözlər də prosesə cəlb olunur və reaktiv artritlə birlikdə rast gəlinir ki, buna Reyter sindromu deyilir.

 

Bu xəstəliklər barədə daha çox informasiya və məsləhəti hardan ala bilərəm?

Bu barədə hər hansı sual vermək, məsləhət almaq və ya müalicə olunmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.