Anti HCV – hepatit c virusları əleyhinə əmələ gələn antitel, hepatit c virusuna şübhəli hallarda ilkin olaraq bu test yoxlanılır. Bu test ucuzdur və tez (bir neçə saata) başa gəlir.  Bu test pozitiv olarsa PZR analizi vasitəsilə yoxlanılmalıdır.
HCV – hepatit c virusu antigeni
Virus yükü – qanda virusun miqdarını bildirən termin
HCV RNA kəmiyyət – virus yükü ilə eyni mənanı ifadə edir
HCV RNA keyfiyyət – qanda sadəcə virusun olub olmamasını bildirir.
HCV RNA genotip – hepatit c virusunun genotipini bildirir. Hepatit C`nin 10 genotipi var onlardan 6`sı yaxşı öyrənilmişdir. Bizim regionda 1,2 və 3`cü genotiplər yayılmışdır.
PZR – polimeraz zəncirvarı reaksiya adlanan müayinə üsulu. Qanda hepatit c virusunun keyfiyyətini, miqdarını və genotipini təyin edir.
ALT – alaninamintransferaza, qaraciyərin fermentidir. Qaraciyər hüceyrələri zədələnən zaman qana keçir
AST – aspartatamintransferaza fermenti, qaraciyər və bəzi orqanların zədələnməsi zamanı qanda miqdarı artır.
ALP – Qələvi Fosfataza fermenti. Qaraciyərin zədələnmə səbəbini aydınlaşdırmaq üçün istifadə edilir.
GGT – Qamma Qlutamil Transferaza fermenti qaraciyərdə sintez olunur. Məsələn spirtli içkilər qəbul edən şəxslərdə qaraciyər alkoqolu bu ferment vasitəsilə zərərsizləşdirir. Qaraciyərin zədələnmə dərəcəsini və səbəbini aydınlaşdırmaqda müəyyən dərəcədə kömək olur.
Bilirubin – Sarılıq zamanı qanda miqdarı artır. Qaraciyərin funksiyası zəifləyəndə miqdarı qanda artır.
Fibroz dərəcəsi – Qaraciyərin fibrozlaşma səviyyəsini bildirir. Fibrozun 5 dərəcəsi var: F0, F1, F2, F3 və F4. Fibrozlaşma dərəcəsi artdıqca qaraciyər o qədər sirroza yaxınlaşır.
Fibroskan müayinəsi – qaraciyərin fibrozlaşma dərəcəsini müəyyən etmək üçün təyin olunan müayinə üsulu (USM aparatına bənzər aparat ).