Sirroz nədir?

Sirroz yunan sözündən (kirrozis) götürülüb mənası sarımtıl (kürən) deməkdir və qaraciyərin irəli dərəcəli xəstəliyinin nəticəsidir. Bu qaraciyər toxumasının müəyyən faktorların təsirindən zədələnməsi, zədələnən hüceyrələr qrupunun birləşdirici toxuma və regenerativ düyünlərlə əvəz olunması ilə xarakterizə olunur. Belə dəyişmələr də qaraciyər funksiyasının itməsinə gətirib çıxarır. Sirroza ən çox hepatit c, hepatit b, alkoqolizm, herpes virusları, sitomeqalovirus, qaraciyərin ağır dərəcəli piylənmə xəstəliyi və digər müxtəlif xəstəliklər səbəb olur. Bəzi səbəblər isə idiopatikdir-yəni səbəbi bilinmir.
Sirroz zamanı qaraciyər diffuz şəkildə sklerozlaşır, öz anatomik quruluşunu, formasını itirir və deformasiyaya uğrayır. Səthi kələ-kötürləşir, konsistensiyası bərkiyir və rəngi sarımtıl rəngdə olur. Ölçüləri adətən kiçilir ancaq nadir hallarda böyüməsinə də rast gəlinir.

 

Sirrozun əlamətləri hansılardır?

Qaraciyər orqanizmdə ən böyük və çox funksiyalı üzvdür. O 500`ə qədər vacib funksiyalar yerinə yetirir. Orqanizmin bütün maddələr mübadiləsindən cavabdeh üzv qaraciyərdir. Öd ifrazı, qanın toksinlərdən təmizlənməsi, alkoqol və qəbul edilən dərmanların böyük hissəsinin zərərsizləşdirilib orqanizmdən kənarlaşdırılması qaraciyərlə əlaqəlidir. Buna görə də sirroz zamanı qaraciyərin funksiyası zəiflədiyi üçün orqanizmdə bütün maddələr mübadiləsi pozulur, qanda toksiki maddələrin miqdarı artmağa başlayır, intoksikasiya baş verir. Toksiki maddələr bütün orqan və sistemlərə təsir göstərir. İştaha zəifləyir, arıqlama baş verir, halsızlıq, yorğunluq, sarılıq, qaşınma əmələ gəlir. Bu toksiki maddələr böyrəklərə təsir edib onların funksiyasını pozur, beyinə təsir etdikdə isə hepatik ensefalopatiya deyilən psixi pozğunluqlar və ağır hallarda koma meydana çıxır. Qaraciyərin bərkiməsi ilə əlaqədar onun damarlarında qan zəif axır və təzyiq yüksəlir. Buna portal hipertenziya sindromu deyilir. Bununla əlaqədar qarın boşluğuna maye sızmağa başlayır ki, buna assit mayesi deyilir. Assit mayesinin miqdarı xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif olur və qarın boşluğuna yığılır, qarın böyüyür, xəstələr ağırlıq, mədə bağırsaq sistemində diskomfort, köplük hiss edirlər. Portal hipertenziya ilə əlaqədar olaraq dalaq da böyüyür (splenomeqaliya) və konsistensiyası bərkiyir. Bu zaman həm də göbəkdən kənara doğru dərialtında radiar istiqamətdə damarlar genişlənməyə başlayır (caput meduza). Bütün üzv və toxumalarda xırda qansızmalar ola bilir. Qansızmaların səbəbi qan laxtalandırıcı faktorların qaraciyər tərəfindən sintez edilə bilinməməsi və intoksikasiya nəticəsində damar divarının zədələnməsi ola bilər. Maddələr mübadiləsinin və qaraciyərin sintetik funksiyasının azalması nəticəsində arıqlama baş verir. Əks cinsli hormanların qaraciyərdə inaktivləşməsi pozulduğu üçün müəyyən endokrin pozğunluqlar da baş verir.

 

Müalicəsi necədir?

Sirroz zamanı qaraciyər bərkidiyindən o geriyə dönməyən prosesdir. Amma hepatit c mənşəli viruslarda virus təmizləndikdən sonra bir sıra hallarda qaraciyərdə az da olsa geriyə inkişaf müşahidə edilir bu da orqanizmi idarə etməyə yetir. Belə ki, virus mənşəli sirrozlarda xəstənin vəziyyəti imkan verirsə virusun təcili müalicəsinə başlanılmalıdır. Bitki tərkibli hepatoprotektorlar, antioksidantlar, qaraciyər vitaminləri də müəyyən qədər qaraciyərə köməklik edə bilər. Sirrozun müalicəsində əsas məqsəd prosesin proqressiyasını dayandırmaq (yəni xəstəlik geriyə inkişaf etməsə də ən azından irəliləməsin) və sirrozun müxtəlif ağırlaşmalarının qarşısının alınmasına yönəlir. Sirrozun irəli mərhələlərində seçim yalnız qaraciyər transplantasiyasıdır.

Qaraciyər sirrozunun hansı ağırlaşmaları var?

Qaraciyər sirrozunun həyati təhlükəli olan əsas problemi ağırlaşmalardır. Bu ağırlaşmalar sirrozun son mərhələsində baş verir. Bunlara xroniki qaraciyər çatışmazlığı və bununla əlaqədar olaraq qaraciyər koması, varikoz genəlmiş damarların cırılması və kəskin qanitirmə, assit mayesinə infeksiyanın düşməsi və peritonitin inkişafı, qapı venasının trombozu və qaraciyərdə trombemboliyalar, sirrozun maliqnizasiya edərək qaraciyər xərçənginə çevrilməsi və s. aiddir.

 

Sirrozun hansı növləri var?

Sirroz onu yaradan amillərin növlərinə görə aşağıdakı kimi təsnif olunur. Buna sirrozun etioloji təsnifatı deyilir.
1. İnfeksion sirroz. Bəzi infeksion (yoluxucu) xəstəliklər zamanı həmin xəstəliklərin törədiciləri (viruslar, bakteriyalar, parazitlər) qaraciyəri zədələyib sirrozun inkişafına səbəb olur. Bu infeksion amillərin içərisində əsas yeri hepatit b və hepatit c virusları tutur. Bütün sirrozların önəmli hissəsini bu viruslar törədir. Ancaq herpes virusları, sitomeqaloviruslar və bəzi parazitlər də sirroz törədə bilər.
2. Toksiki sirroz. Alkoqol, dərman maddələri, istehsalat və qida zəhərlərinin təsirindən əmələ gələn sirrozlara ümumilikdə toksiki sirroz deyilir. Bunların içərisində ən çox rast gəlinəni alkoqol sirrozudur. Alkoqol sirrozu çox spirtli içki içən şəxslərdə əmələ gəlir və bütün sirrozların təqribən 1/3`ni təşkil edir. Hesab olunur ki, hər gün ən azı 400 gr araq içən şəxslərdə (150 gr etanol) 5-15 il ərzində qaraciyərin sirrozu inkişaf edir. Qadınlarda bu daha tez baş verir. Əvvəlcə alkoqol mənşəli xroniki hepatit daha sonra sirroz inkişaf edir.
3. Biliar sirroz. Öd yollarında baş verən iltihabi proseslər nəticəsində inkişaf edir. Öd durğunluğunun yaranması ödün qaraciyərə uzun müddətli toksik təsir göstərməsinə şərait yaradır və sirroz inkişaf edir. Biliar sirrozun əmələ gəlməsinə səbəb kimi öd yolları epitellərinə qarşı autoantitellərin əmələ gəlməsi və onu zədələməsi də göstərilir.
4. Metabolik-alimentar sirrozlar. Qida maddələri içərisində hər hansı vacib komponentin çatışmazlığı və ya maddələr mübadiləsinin pozğunluğu nəticəsində əmələ gələn sirrozlara deyilir. Bura irsi mübadilə pozğunluqları, avitominozlar, zülal defisiti və s. aiddir.
5. Durğunluq sirrozu. Qaraciyərdə qan dövranının xroniki şəkildə pozulması qaraciyərdə hipotrofiya (qaraciyər hüceyrələrinin qidalanmasının pozulması) və hipoksiya (oksigen aclığı) ilə nəticələnir. Belə hallar xroniki ürək çatışmazlığı ilə əlaqədar olur.
6. Kriptogen sirrozlar. Baş vermə səbəbləri və mənşəyi məlum olmayan sirrozlara deyilir.