Bugünlərdə Çin Xalq Respublikasında bir virus sürətlə yayılmağa başlamışdır. Bu virus İnsan metapnevmovirusudur və çin xəstəxanalarında sıxlığa səbəb olmuşdur. Çində yoluxmaların artması və qonşu ölkərə də yayılması dünya tibb gündəmində önəmli bir yer tutdu. Bir neçə gündür dünya gündəmindən düşməyən insan metapnevmovirusu çoxlarının yeni eşitdiyi bir virus olsa da, çox da yeni deyil və ilk dəfə 2001-ci ildə aşkar edilmişdir. Gəlin bu virusun nə olduğuna, dünyaya nə qədər təhlükə yaratdığına, nədən bu qədər panikaya səbəb olduğuna yaxından baxaq.
İnsan metapnevmovirusu uşaqlarda daha infeksiyalar törədən qızılca, parotit, Respirator Sinsitial Virus ilə eyni ailədən olan Paramixoviridae ailəsinə daxildir. Meta yunanca bir sonrakı, başqa anlamına gələn söz önlüyüdür, pneumo isə hava, ağciyər mənasına gəlir, tibb sahəsində isə tənəffüs yolları ya da ağciyərlə əlaqəli vəziyyətlərdə istifadə edilir. Beləliklə tənəffüs yolları ilə əlaqəli sonrakı virus mənasını ifadə edir. Burada sonra sözü o ailədən olan daha öncə kəşf edilmiş Respirator Sinsitial Virus ilə əlaqəlidir. Yəni, RSV-dan sonrakı tənəffüs yolları ilə əlaqəli Virus. İnsan Metapnevmovirusu qrip virusundan daha böyük 120-200 nanometr çapında RNT tərkibli virusdur.
Bu virus hansı simptomlara səbəb olur?
insan metapnevmovirusu adətən yüngül soyuqdəymə simptomları ilə başlayır. Bu simptomlara öskürək, burun axması, boğaz ağrısı və aşağı dərəcəli qızdırma daxildir. Xəstəlik xüsusilə 65 yaşdan yuxarı şəxslərdə və 3 yaşdan kiçik uşaqlarda və immun sistemi zəif olan digər şəxslərdə pnevmoniya ilə ağırlaşa bilər. Lakin, məsələ burasındadır ki, bu virus daha mülayim patogenliyə malikdir, qripdən daha yüngül infeksiyaya səbəb olur və ağırlaşmaların riski də dəfələrlə azdır. Onu da yadda saxlamaq lazımdır ki, bu virus koronavirusun covid-19 növü deyil və onun kimi pandemiya törətmək potensialında olan virus deyil. Çünki, İnsan Metapnevmovirusu artıq xeyli müddətdir mövcuddur, insan immuniteti bu virus yaxşı tanıyır və patogenliyi zəifdir.
Bu virusdan qorunmaq üçün digər hava damcı ilə yoluxan virus infeksiyalarında olduğu kimi şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri tez-tez yumaq, xəstə şəxslərlə təmasda olmamaq, bu aralar izdihamlı yerlərə getməmək, lazım gəldikdə tənəffüs yollarını qoruyan gigyenik vasitə olan maskalardan istifadə etmək son dərəcə önəmlidir. Bunlardan başqa İmmun sistemini yaxşı vəziyyətdə saxlamaq da vacibdir.
Son olaraq, insan metapnevmovirusu ilə bağlı narahatlıq üçün səbəb olsa da, panikaya ehtiyac yoxdur. Sağlam insanlarda bu virus yüngül simptomlarla gedən infeksiya törədir. Lakin risk qrupunda olanlar özlərini yuxarıda qeyd etdiyim qaydada qorumalıdır. Peyvəndi yoxdur, spesifik müalicəsi yoxdur, xəstə şəxslərdə ehtiyac olduqda simptomatik müalicə aparılır.