Hepatit b müalicəsi neçəyə başa gəlir

Hepatit b virus infeksiyasının mualicəsi hepatit c xəstəliyindən tam fərqlənir. Bu əslində hepatit b və c viruslarının struktur fərqləri ilə bağlıdır. Bu virusların törətdiyi xəstəliklər eyni olsa da, hər ikisi qaraciyər iltihabına səbəb olsa da əslində tam fərqli quruluşa malik olan viruslardır. Hepatit b virusu DNT tərkibli virus olduğu üçün qaraciyər hüceyrəsinin nüvəsinə girir və bu baxımdan onun müalicəsi xeyli çətinlik törədir. Hepatit b xəstəliyinin müalicəsi var, amma hepatit c xəstəliyində olduğu kimi tam müalicəsi yoxdur. Hepatit c mualicəsi indi xeyli asandır. Hepatit c xəstəliyində konkret müalicə kursu var və o müddət ərzində xəstəlik tamamilə sağalır, amma hepatit b xəstəliyində vəziyyət tam fərqlidir. Hepatit b virus infeksiyasının müalicəsi o zaman başlanılır ki, şəxsdə aktiv gedən b hepatiti var və o qaraciyəri zədələyir. Burada müalicəyə başlamaqda əsas məqsəd qaraciyər hüceyrələrinin zədələnməsinin qarşısını almaqdır. Müalicəyə başlandıqda əksər hallarda dərman virusa qarşı effektiv olur, qanda virus yükü enir və qaraciyərə təsiri azalır. Müalicə müddəti əksər hallarda 1 ildən çoxdur, bəzi hallarda 5 ildən artıqdır. Burada müalicəni dayandırmaq üçün bəzi labarator göstəricilərin pasientin xeyrinə dəyişməsi lazımdır. Qaraciyər fermentləri normaya düşməli, hepatit b virus yükü sıfıra enməli, HBeAg neqativ olmalı, Anti Hbe antiteli pozitivləşməlidir. Tam sağalmanın göstəricisi isə Anti HBs antitelinin əmələ gəlməsi, HBsAg antigenin isə yox olmasıdır. Hepatit b virus infeksiyasının son dövrlərdə effektiv antiviral dərmanları hazırlanıb istifadəyə verildi. Bu dərmanlar virusa təsir baxımından və dərman rezistentliyi baxımından kifayət qədər effektivdir. Beləliklə hepatit b müalicəsinə başlamaq üçün hepatit c də olduğu kimi əvvəlcə bəzi analizlər olunur və ehtiyac olarsa müalicəyə başlanılır. Əksər hallarda müalicə tələb olunmur. Analizlər və qiymətləri aşağıdakı kimidir.

  • Hepatit b virus yükü analizi – 65 AZN
  • HBeAg testi – 18 AZN
  • Anti HBe Ab testi – 18 AZN
  • Anti HBcAb İgM testi (ehtiyac olarsa)- 18 AZN
  • ALT, AST, GGT, ALP testləri – 32 AZN
  • Qanın klinik analizi – 15 AZN
  • Müalicənin 1 aylıq kursu 120 AZN