Palma yağı

Palma yağı dünyada ən geniş yayılmış yağ hesab olunur. Palma yağı istehsal həcminə görə dünyada ilk yerdə indoneziya ikinci yerdə Malayziya gəlir. Bu iki ölkə dünya palma yağının 85%`ini təmin edir. Dünya palma yağı ticarətinin dəyərinin təqribən 60 milyon dollar olduğu bildirilir. Son zamanlar palma yağı əleyhinə yaranan fikirlər bu ölkələri bəzi addımlar atmağa təşviq edib. Artıq Malayziyada tərkibində palma yağı yoxdur mənasını ifadə edən “palm oil free” etiket yazısı olan məhsullar marketlərdən çıxarılır. Satışda olan məhsullarda bu söz yazılmayacaq.

Palma yağı dünyada çox geniş istifadə imkanlarına malikdir. Şampunlar, deodarantlar, diş pastalarının, pomadaların, müxtəlif kremlərin və mazların tərkibində palma yağı var. Qida məhsullarından pizzalar, şokoladlar, müxtəlif şirniyyatların hazırlanmasında palma yağı işlədilir. Palma yağı təbii enerji resursu kimi də böyük əhəmiyyətə malikdir, ondan biodizel yanacağı kimi istifadə edilir. Bundan başqa avtomobillərin mühərrik yağının istehsalının əsas komponentidir.

Bir qisim ölkələrdə palma yağı yalnız biodizel kimi və kosmetik sənayedə istifadə olunur. Ancaq dünyanın 70%`ində palma yağı yemək və ərzaqlarda, çörək və pizzaların hazırlanmasında istifadə edilir. Afrika və bəzi Asiya ölkələrində yemək bişirmək üçün günəbaxan və zeytun yağı əvəzində işlədilir.

Bu yağ afrika palması bitkisinin meyvələrindən alınır. Onun meyvəsi gavalıya oxşardır və lətli hissəsinin 50%`i yağdan ibarətdir. Asan alınması və ucuz başa gəlməsinə görə dünyada geniş yayılıb.

Palma yağı narıncı-qırmızı rəngdə, spesifik qoxuya malikdir. Otaq temperaturunda qatı krem konsistensiyasında olur. Xüsusi işləmədən sonra rəngi və qoxusu itir, marqarin ya da kərə yağına oxşayır. Palma yağı təbii yağdır və tərkibində vitaminlər də var, ancaq xüsusi işləməyə məruz qaldığı üçün bəzi zərərli yan məhsulların əmələ gəlmə və tərkibindəki vitaminlərin və faydalı qida komponentlərinin azalması ehtimalı var. Palma yağı zərərli trans yağlar saxlamır.